10.10.2018

Firəngiz Şirinova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə  təltif olunub.

 

Şirinova Firəngiz Abdulhəşim qızı 12 noyabr 1954-cü ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olub. 1961-1971-ci illərdə Qumlaq kənd tam orta məktəbində təhsil alıb. 1972-ci ildə orta təhsilini başa vurduqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olub, 1977-ci ildə həmin ali məktəbi bitirərək kimyaçı, kimya müəllimliyi ixtisasına yiyələnib. 1977-ci ildə İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinə kimya müəllimi təyin olunub və hal-hazıradək həmin təhsil müəssisəsində işləyir. İşlədiyi dövrdə məktəbin müəllim və şagird kollektivinin habelə rayonun pedaqoji ictimaiyyətinin dərin hörmətini qazanıb. Dəfələrlə Rayon Təhsil Şöbəsi tərəfindən onun qabaqcıl iş təcrübəsi öyrənilmiş və yayılması barədə tövsiyyə edilib. Gənc müəllimlərin hami tərbiyəçisidir. Səmərəli pedaqoji fəaliyyətinə görə dəfələrlə Azərbaycan SSRİ Maarif Nazirliyinin, Oğuz Rayon Təhsil Şöbəsinin, ATİAHİ Oğuz Rayon Komitəsinin fəxri fərmanlarına və qiymətli hədiyyələrinə layiq görülüb. Firəngiz müəllim 1983-cü ildə “Baş müəllim”, 1989-cu ildə “Metodist müəllim” adlarına layiq görülüb. 1986-cı ildə SSRİ-nin “Xalq maarifi əlaçısı” döş nişanı ilə təltif olunub, 1987-ci ildə Azərbaycan SSR müəllimlərinin VII və XII qurultaylarının nümayəndəsi olub. Rəhbərlik etdiyi “Gənc kimyaçılar” dərnəyi istedadlı və qabiliyyətli uşaqlarla işi ön plana çəkib. Belə ki, şagirdlərin bacarıq və qabiliyyətlərini nümayış etdirmək üçün tez-tez fənn gecələri, kimya saatları,viktorinalar, kimyəvi oyunlar və s. keçirir. İstedadlı şagirdlərlə olimpiada və eksperimental məsələlər həll edilir. Müəllimin yaradıcılığı sayəsində təşkil olunmuş kimya kabinetinin təlimdə əyaniliyin təmin olunmasında böyük rolu vardır.Təsadüfi deyildir ki, F.Şirinovanın fənn kabineti 2000 və 2003-cü illərdə “İlin ən yaxşı fənn  kabineti” müsabiqəsinin qalibi olub.

         Məzunlarının ali məktəblərə qəbul faizi aşağıda göstərilən kimi olub: 2015-2016-cı dərs ilində 28,0%, 2016-2017-ci dərs ilində 31,6%,  2017-2018-ci dərs ilində 27,3% təşkil edib. Buraxılış imtahanlarının nəticəsinə görə müvəffəq qiymət almış şagirdlərin faiz göstəricisi göstərilən qaydada olub. 2015-2016-cı dərs ilində IX sinif üzrə 75,0%; XI sinif üzrə 68,0%, 2016-2017-ci dərs ilində IX sinif üzrə 69,6%; XI sinif üzrə 63,2%,  2017-2018-ci dərs ilində IX sinif üzrə 72,2%; XI sinif üzrə 70,0% təşkil edib.

Yetirmələrindən Kəmalə Mehman qızı Rəhimli 2017, 2018-ci illərdə fənn olimpiadalarının final mərhələsində IV və III yerləri tutaraq diplom və qiymətli hədiyyəyə layiq görülüb, tam orta təhsil kursunu əla qiymətlərlə bitirib və qızıl medala layiq görülüb. Şagirdlərindən bir nəfər isə fənn olimpiadalarının respublika turunda  2016-2017-ci dərs ilində Azərbaycan dili və ədəbiyyatı fənnindən bürünc medal qazanıb.

Firəngiz Şirinova öz üzərində çalışır, özünə və şagirdlərinə qarşı tələbkardır, kimyanın sirlərini şagirdlərinə səylə öyrədir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə 53 bal toplayıb.

Təlim-tərbiyə prosesində əldə etdiyi nəaliyyətlərə görə Firəngiz Şirinova Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsinin, ATİAHİ Oğuz Rayon Komitəsinin fəxri fərmanlarına və qiymətli hədiyyələrinə layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2018-ci il tarixli  K-1027 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə  təltif olunub.

Təbrik edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Açar sözlər: