27.03.2018

Oğuz məktəbliləri Oğuz-Gəncə-Şəmkir-Göygöl-Oğuz marşrutu üzrə 4 günlük tur-aksiyaya yola düşüb.

        Mart ayının 26-da Oğuz məktəbliləri Oğuz-Gəncə-Şəmkir-Göygöl-Oğuz marşrutu üzrə 4 günlük tur-aksiyaya yola düşüb.
Rayonun fəal, istedad və bacarıqları ilə seçilən məktəblilərindən ibarət qrup səhər saatlarında respublikamızın Qərb bölgəsinə yola salınıb.Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
        Rayon icra hakimiyyətində keçirilən yolasalma mərasimində çıxış edən icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski tur-aksiyanın önəmindən danışıb. O. bildirib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır. Səyahət zamanı məktəblilər Gəncə, Şəmkir və Göygöl şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər. Gəncə şəhərinin tarixi məkanları - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.
Tur-aksiya iştirakçıları Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Gənclər Mərkəzi, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər. 

          Tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Oğuz-Gəncə-Şəmkir-Göygöl-Oğuz marşrutu üzrə ekskursiyaya yola düşüblər.
          Yolasalma mərasimində Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov,Oğuz Rayon İcra Hakimiyyətinin rəsmi işçiləri, mediya nümayəndələri də iştirak ediblər
         Tur-aksiyanın gedişi barədə əlavə məlumat veriləcəkdir.


Açar sözlər: ,