15.01.2018

Açıq qapı günü maraqlı və məzmunlu keçirildi. 

 

        12 yanvar 2018-ci il tarixdə Oğuz rayonundakı Yaqublu kənd T. Babayev adına tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” ilə əlaqədar “Açıq qapı” günü və pedaqoji - psixoloji maarifləndirmə tədbiri keçirilmişdir. “Açıq qapı” gününün təşkilində başlıca məqsəd təhsilin keyfiyyətini yüksəltmək üçün valideyn – məktəb münasibətlərinin inkişafına nail olmaq, ailə və içtimaiyyətin nümayəndələrini məktəbin iş şəraiti ilə tanış etmək, onların tələb, təklif və tənqidi fikirlərini dinləmək və cavablandırmaq, pedaqoji – psixoloji maarifləndirmə olmuşdur.
“Açıq qapı” günündə valideyn və içtimaiyyətin nümayəndələri, ərazidəki icra və bələdiyyə, məktəb və uşaq bağçaları, mədəni maarif, səhiyyə və digər təşkilatların əməkdaşları müxtəlif dərslərdə və keçirilən tədbirlərdə iştirak etmiş, müxtəlif səbəb və məsələlərlə əlaqədar məktəb rəhbərləri və müəllimlərə müraciət etmişlər. Müəllim kollektivi, RT-nın əməkdaşları və məktəb rəhbərləri tərəfindən valideynlərin müraciət və təklifləri diqqətlə dinlənilmiş, əməkdaşlıq görüşü keçirilmiş, övladlarının təhsildəki uğurları onlarla müzakirə edilmiş və sualları cavablandırılmışdır. 
        Tədbir iştirakçıları könüllü olaraq keçirilən rəy və psixoloji test sorğularında da iştirak etmişlər. Onlar şagirdlərin çəkdikləri və hazırladıqları rəsm və əl işlərindən ibarət sərgiyə, uşaqlar tərəfindən keçirilən “Kitab oxu!” adlı fleşmoba tamaşa etmişlər.
İştirakçılar həmçinin məktəbin maddi – texniki bazası (akt və idman zalı, idman meydançaları, yeməkxana, kitabxana, emalatxana, komputer və hərbi otaq, metodiki kabinet, muzey, xidməti və sinif otaqları, laboratoriyalar, fənn kabinetləri və s.) və iş şəraiti ilə tanış olmuşlar.
        Həmin gün “Açıq qapı” günü çərçivəsində məktəbin akt zalında arzu edən və könüllü qatılanlar üçün “Təhsilin keyfiyyətini yüksəldək!” mövzusunda seminar – treninq keçirilmişdir. Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İ. Verdiyev giriş sözündə seminar – treninqin məqsədini açıqlayaryaq qeyd etmişdir ki, əsas məqsəd təhsilin keyfiyyətini yüksəltmək üçün ailə və içtimaiyyətin nümayəndələri arasında pedaqoji - psixoloji bilikləri təbliğ etmək və yaymaqdır. Çünki cəmiyyətin mariflənməsi məsələsi də məktəbin və müəllimin fəalliyyətinin tərkib hissəsi və icra edəcəyi vacib işlərdən biridir. 
        Tədqiqatlar göstərir ki, ailə və içtimaiyyətin nümayəndələrinin pedaqoji – psixoloji hazırlıq səviyyəsinin yüksək olması və onların məktəblə müntəzəm və sıx əlaqəsi uşağın təlim-tərbiyəsinin uğurlu nəticəsi üçün əsas şərtdir. Uşağın xoşbəxt insan kimi yetişməsi üçün məktəblə ailənin birgə işi həlledici amildir.
        Seminar – treninqdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evinin direktoru A.Məcidov “Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu“; Azərbaycan YB-nin üzvü, YB-nin Oğuz bölməsinin sədri V. Oğuz (V. Əliyev) “Şəxsiyyətin formalaşmasında mütaliənin rolu” ; Yaqublu Bələdiyyəsinin üzvü, məktəb HT-nın sədri, müəllim A.Atakişiyeva “Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün məktəblə ailənin birgə işi həlledici amildir” ; Oğuz Rayon Gənclər və İdman idarəsinin rəisinin müavini Ş. Rüstəmov “Şəxsiyyətin formalaşmasında mühitin və tərbiyənin rolu” ; məktəbin psixoloqu L.Sadıqova “Məktəb fobiyası və onun aradan qaldırılması yolları” ; Kərimli kənd tam orta məktəbinin direktoru, coğrafiya üzrə f.e.d. S.Camıyev “Müəllim – valideyn münasibətləri yeni müstəvidə” ; məktəbin informatika müəllimi R.Bayramov “Kompüter, telefon və televizorun fayda və ziyanları haqqında” ; məktəbin müəllimi V.Qurbanova “Uşaq intiharları və aqressiyaları ilə necə mübarizə aparmalı” ; Oğuz RTŞ-nin metodisti E.Əzimli “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli – mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.”(H. Əliyev); Yaqublu kənd tibb məntəqəsinin tibb bacısı A. Sadıqova “Uşaqların gigiyenası onların sağlamlıqlarının vacib şərtidir” mövzularında çıxış etmişlər. 
        Seminar – treninq iştirakçılarından Valideyn Komitəsinin sədri N.İsmayilova, valideynlərdən A.Kərimov, Z. Pirmətova, T.Nəbizadə, N. Əliyev, Ş.İsayev, müəllimlərdən Ə. Hüseynli, T. Məmmədov və N.Həsənov, Zərrab kənd tam orta məktəbinin direktoru Q. Abdullayev söz alaraq öz fikirlərini söyləmişlər. 
        Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılmış, onların fikir və mülahizələrinə münasibət bildirilmişdir.
        Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evi və məktəb rəhbərliyi tərəfindən valideyn – məktəb əlaqələrinin möhkəmləndirilməsində fərqlənmiş bir qrup valideyn təltif olunmuşdur.
        Tədbiri Oğuz Rayon Təhsil Şöbəsi Metodiki kabinetinin direktoru N.Zahidov yekunla
şdırmışdır.


Açar sözlər: